BMU-da tələbələr üçün real sənaye təcrübəsi yaradan laboratoriya imkanları genişləndirilir
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi laboratoriyaları müasir standartlara cavab verən ən son texnoloji avadanlıqlarla təchiz olunub. Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə xidmət edən bu tədris və tədqiqat mərkəzləri arasında Daxili yanma mühərrikləri və avtomobil laboratoriyası xüsusi yer tutur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, laboratoriyada quraşdırılmış müasir avadanlıqlardan biri “Proseslərin idarəedilməsi və avtomatlaşdırılması üzrə tam ssenarili təlim platforması”dır. Bu avadanlıq mühəndislik üzrə təhsil alan tələbələr və sənaye mütəxəssisləri üçün hidravlik sistemlərin əsas prinsiplərinin, maye mexanikasının və hidravlik dövrələrin iş xüsusiyyətlərinin eksperimental şəkildə öyrənilməsinə imkan yaradan universal mobil təlim stendidir. Manometrlərlə təchiz olunmuş qurğu vasitəsilə təzyiq, axın və enerji çevrilməsi prosesləri praktiki şəkildə tədqiq edilir.
İrimiqyaslı sənaye tipli təlim platforması avtomatlaşdırma və proses mühəndisliyi sahəsində tədris və tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi məqsədilə nəzərdə tutulub. Sistem podratçı modulu, idarəetmə konsolu, xəta simulyatoru və xidmət blokundan ibarət qapalı dövrə əsasında fəaliyyət göstərir.
Qurğu real sənaye müəssisələrinin iş prinsiplərinə uyğun olaraq maye səviyyəsi, axın sürəti, temperatur və təzyiqin idarə olunması proseslərinin, o cümlədən kaskad idarəetmə sistemlərinin öyrənilməsinə şərait yaradır. Sistem pnevmatik klapanlar, müxtəlif sensorlar və rəqəmsal universal sənaye kontrollerlərlə təchiz edilib.
Nasoslar, istilikdəyişdiricilər, elektrik qızdırıcıları və SCADA/proses kommunikasiya proqram təminatı vasitəsilə sistemin işə salınması, idarə olunması və qəza vəziyyətlərində dayandırılması prosesləri əyani şəkildə öyrənilir. Eyni zamanda, süni yaradılmış nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki məşğələlərin aparılması mümkündür.
Bu təlim platforması tələbələrin proseslərin idarə olunması, avtomatlaşdırma sistemlərinin layihələndirilməsi və sənaye nəzarət texnologiyaları sahəsində peşəkar bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Əldə olunan bilik və bacarıqlar tikinti texnikası, metallurgiya, maşınqayırma, plastik və rezin istehsalı, aviasiya, gəmiçilik, neft-qaz və avtomobil sənayesi kimi sahələrdə tətbiq olunan hidravlik sistemlərin iş prinsiplərinin mənimsənilməsinə xidmət edir.