Mikayıl Cabbarov: İİB ilə əməkdaşlıqda KOB-ların inkişafı əsas prioritetlərdəndir
Bakı, 17 iyun, AZƏRTAC
Kiçik və orta biznesin (KOB) inkişafı, infrastrukturun modernləşdirilməsi və dayanıqlı iqtisadi artım Azərbaycan ilə İslam İnkişaf Bankı (İİB) arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən dialoq sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, İİB ilə tərəfdaşlıq çərçivəsində infrastruktur layihələri, dayanıqlı inkişaf, bərpaolunan enerji, sənaye istehsalının genişləndirilməsi və xüsusilə kiçik və orta biznesin dəstəklənməsi prioritet istiqamətlərdəndir.
“Kiçik və orta sahibkarlığın inkişafı mənim üçün xüsusi əhəmiyyət daşıyır. Özəl sektorun güclənməsi, maliyyə resurslarına və biliklərə çıxışın genişləndirilməsi bu sahədə birgə əməkdaşlığımızın əsas istiqamətlərindəndir. Nəqliyyat və infrastruktur əlaqələrinin gücləndirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı modellərinin inkişafı da əməkdaşlığın mühüm elementlərindəndir”,- deyə o diqqətə çatdırıb.
Nazir əlavə edib ki, Azərbaycan və İİB milli inkişaf prioritetlərinə uyğun ölkə strategiyasının hazırlanması istiqamətində birgə fəaliyyətini davam etdirir və İİB bundan sonra da ölkənin etibarlı tərəfdaşı olaraq qalacaq.
Foto - Orxan Kərimov