Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın Şurasının 4-cü sessiyasında təmsil olunub
Bakı, 17 iyun, AZƏRTAC
Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi, Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru, uzaq səfərlər kapitanı Məzahir Niftiyev Paris şəhərində Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın (IALA) Şurasının 4-cü sessiyasında ölkəmizi təmsil edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, sessiyada beynəlxalq dəniz naviqasiyası, dəniz üzgüçülüyünün təhlükəsizliyi, naviqasiya avadanlıqlarının inkişafı, müvafiq sahə üzrə rəqəmsal texnologiyaların tətbiqi, IALA-nın fəaliyyət istiqamətləri, habelə üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Agentliyin nümayəndəsi Məzahir Niftiyev Azərbaycanın IALA ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz ətraf mühitinin mühafizəsinin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Azərbaycanda dənizçilik zəngin ənənələrə və tarixə malikdir. Hazırda dəniz nəqliyyatı sahəsində infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata keçirilir.
Sessiyada təcrübə mübadiləsinin genişləndirilməsi, texniki əməkdaşlığın gücləndirilməsi və müasir naviqasiya texnologiyalarının tətbiqinin qlobal dəniz nəqliyyatının təhlükəsiz və dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Beynəlxalq tədbir çərçivəsində Agentliyin nümayəndəsi Məzahir Niftiyev bir sıra görüşlər də keçirib. IALA-nın prezidenti Marcos Almeida, baş katibi Francis Zachariae ilə görüşlərdə gəmi hərəkətinin idarə olunması sahəsində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.