“İRS” layihəsinin təqdimatı olub
Bakı, 17 iyun, AZƏRTAC
“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Azərbaycanın mədəni irsi və tarixi-mədəni abidələrinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən “İRS” layihəsinin təqdimatı olub.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
“Gilavar Foto Klubu” İctimai Birliyinin sədri və layihə rəhbəri Rəşad Mehdiyev bildirib ki, layihənin ilkin mərhələsində Qarabağ və Şərqi Zəngəzurda yerləşən tarixi-mədəni abidələrin fotoqrafik sənədləşdirilməsi həyata keçirilib. Layihənin növbəti mərhələsində isə ölkənin qərb bölgəsində – Ağstafa, Tovuz, Gədəbəy və Goranboy rayonlarında fotoçəkilişlər aparılıb, tarixi, memarlıq və arxeoloji abidələr barədə məlumatlar toplanaraq bazaya əlavə edilib.
Rəşad Mehdiyev qeyd edib ki, layihənin birinci mərhələsində yaradılan irs.gilavar.az veb-saytı təkmilləşdirilib, yeni bölmələr yaradılıb və fotoarxiv daha da zənginləşdirilib. Hazırda veb-saytda Azərbaycanın doqquz bölgəsi üzrə 200-dən artıq tarixi, memarlıq və arxeoloji abidə haqqında məlumat, 2600-dən artıq fotoşəkil yer alır.
Bildirilib ki, layihənin əsas yeniliklərindən biri Android əməliyyat sistemli mobil qurğular üçün “İRS” mobil tətbiqinin hazırlanması olub. Veb-sayt və mobil tətbiq vasitəsilə istifadəçilər abidələr haqqında məlumat əldə edə, onların xəritə üzərində yerləşdiyi məkanları görə, həmçinin seçdikləri abidəyə birbaşa marşrut qura bilirlər.
Veb-sayt və mobil tətbiqdə abidələr regionlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Xüsusi filtr sistemi istifadəçilərə axtardıqları tarixi məkanları daha rahat tapmağa imkan verir.
Tədbir çərçivəsində iştirakçılara irs.gilavar.az veb-saytının və “İRS” mobil tətbiqinin funksional imkanları nümayiş olunub, platformanın istifadəsi ilə bağlı ətraflı məlumat verilib.
Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə xüsusi qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.