"Kraudfandinq haqqında" qanun layihəsi müzakirə edilir
Bakı, 17 iyun, AZƏRTAC
“Kraudfandinq haqqında” yeni qanun layihəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyəcək.
Yeddi fəsil, 23 maddədən ibarət olan qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
Fotoqraf - Aydın Məmmədov