Nazir müavini: Azərbaycan dövlət-özəl tərəfdaşlığı üçün institusional bazanı gücləndirir
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan dövlət-özəl tərəfdaşlığı üçün institusional bazanı gücləndirir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Regional əlaqəliliyin inkişafı naminə ticarət həllərinin gücləndirilməsi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı mexanizmi infrastruktur layihələrinə özəl investisiyaların cəlb edilməsi, layihələrin səmərəliliyinin artırılması və innovativ maliyyələşdirmə modellərinin təşviqi baxımından mühüm alət kimi qiymətləndirilir.
“Bu əsas üzərində Azərbaycan su təchizatı, ekoloji xidmətlər, nəqliyyat, turizm, təhsil və sosial infrastruktur sahələrində genişlənən dövlət-özəl tərəfdaşlığı layihələri portfelini formalaşdırıb. Ölkəmizin flaqman dövlət-özəl tərəfdaşlığı layihəsi Sumqayıtda həyata keçirilən Xəzər Dənizi Duzsuzlaşdırma Zavodudur. Gündəlik 300 min kubmetr içməli su istehsal etmək üçün nəzərdə tutulan bu layihə Azərbaycanın yeni dövlət özəl tərəfdaşlığı çərçivəsi əsasında həyata keçirilən ilk pilot layihədir. Layihə hökumətlərin, beynəlxalq maliyyə institutlarının və özəl investorların strateji infrastruktur problemlərinin həlli və uzunmüddətli su təhlükəsizliyinin gücləndirilməsi istiqamətində necə səmərəli əməkdaşlıq edə biləcəyini nümayiş etdirir”, - deyə nazir müavini əlavə edib.