Azərbaycan ilə Qvineya arasında ticarət və investisiya əməkdaşlığı gücləndirilir
Bakı, 17 iyun, AZƏRTAC
İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Qvineyanın planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabe və infrastruktur naziri Fasine Silla ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qvineya arasında ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iqtisadi əlaqələrin müqavilə-hüquq bazasının genişləndirilməsi və biznes tərəfdaşlığının potensial imkanlarının reallaşdırılması məsələlərini nəzərdən keçiriblər.
Görüş çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı istiqamətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qvineyanın Planlaşdırma, Beynəlxalq Əməkdaşlıq və İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sənədin icrası ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinə, eləcə də davamlı və inklüziv inkişaf təşəbbüslərinin dəstəklənməsinə mühüm töhfə verəcək.