UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bakı, 17 iyun, AZƏRTAC
Parisdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Nayef H. Al-Fayez ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, mədəni diplomatiya və mədəniyyət sahəsində beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin UNESCO-nun SECURE layihəsi çərçivəsində perspektiv əməkdaşlıq istiqamətləri və bu proqramın mədəni irsin qorunması sahəsində tətbiq oluna biləcək imkanları müzakirə edilib.
Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin əsas prioritetləri, həyata keçirilən islahatlar və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə məlumat verib.
Tərəflər UNESCO ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, peşəkar mübadilə proqramlarının genişləndirilməsi və innovativ beynəlxalq təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, eləcə də mədəniyyətin dayanıqlı inkişaf və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsində rolunun əhəmiyyəti vurğulanıb.