Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra imzalanan Şuşa Bəyannaməsi yalnız iki dövlət arasındakı müttəfiqlik münasibətlərini institusionallaşdıran sənəd deyil, həm də Cənubi Qafqazda müharibədən sonrakı dövrdə formalaşan yeni geosiyasi nizamın əsas siyasi-hüquqi çərçivələrindən biri kimi qiymətləndirilir.
Sənəd təhlükəsizlik, müdafiə, nəqliyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlığı daha yüksək səviyyəyə qaldıraraq regional güc balansının yenidən formalaşmasına və yeni strateji reallığın möhkəmlənməsinə töhfə verib. Bu baxımdan, Şuşa Bəyannaməsi müharibədən sonrakı Cənubi Qafqazda yaranan yeni güc bölgüsünün siyasi və hüquqi ifadəsi hesab olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İzmir Dokuz Eylül Universitetinin Beynəlxalq ticarət və biznes kafedrasının professoru Ülviyyə Sanılı Aydın səsləndirib.
Professor bildirib ki, bəyannamənin məhz Şuşada imzalanması xüsusi tarixi, siyasi və simvolik məna daşıyır: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın ən mühüm tarixi mərkəzlərindən biri olmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasının ən güclü simvollarından birinə çevrilib. Bu səbəbdən, strateji müttəfiqlik sənədinin məhz burada imzalanması Azərbaycanın əldə etdiyi siyasi və hərbi nəticələrin beynəlxalq müstəvidə təsdiqi kimi dəyərləndirilə bilər.
Eyni zamanda, Türkiyə-Azərbaycan müttəfiqliyinin Şuşada rəsmiləşdirilməsi Vətən müharibəsindən sonra formalaşan yeni regional nizamın siyasi manifesti kimi də şərh olunur. Bu mənada Şuşa yalnız azad edilmiş şəhər deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın elan edildiyi rəmzi məkana çevrilib. Şəhərin seçilməsi tarixi yaddaş baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər münaqişə və işğal mövzularının mərkəzində olmuş bir məkanda imzalanan bəyannamə Türkiyə və Azərbaycanın ortaq tarix, mədəniyyət və təhlükəsizlik anlayışını əks etdirən güclü siyasi mesaj verib”, - deyə Ülviyyə Sanılı Aydın vurğulayıb.
Professor sonda qeyd edib ki, Şuşada imzalanan sənəd həm də Azərbaycanın yeni regional düzənin qurucu aktorlarından biri kimi mövqeyini təsdiqləyib. Bu baxımdan bəyannamə tez-tez müharibədən sonrakı Cənubi Qafqazın ən mühüm qurucu sənədlərindən biri kimi xarakterizə edilir.
Müxbir – Pərvanə Qafarova