700-cü sahibkar “ABAD”çı adını qazanıb
Bakı, 17 iyun, AZƏRTAC
“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi ailə bizneslərinin sayı artmaqda davam edir. 700-cü sahibkar Lənkəran rayonunda fəaliyyət göstərən “İnci Çay” brendinin təsisçisi Xəyalə Abdullayevadır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “İnci Çay” brendi Azərbaycanın qədim çayçılıq ənənələrini yaşadaraq Lənkəranda yetişdirilən yüksəkkeyfiyyətli çay yarpaqlarından hazırlanan məhsulları istehlakçılara təqdim edir. Ənənəvi üsullarla emal olunan çaylar özünəməxsus ətri, dadı və keyfiyyəti ilə seçilir. Brend yerli çayçılıq ənənələrinin qorunub saxlanılmasına və bölgənin kənd təsərrüfatı potensialının tanıdılmasına töhfə verir.
“ABAD” sıralarına qoşulması münasibətilə 700-cü “ABAD”çı Xəyalə Abdullayevaya İçərişəhərdə fəaliyyət göstərən “ABAD” etnobutikində “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat təqdim edilib. Burada, həmçinin “ABAD”ın fəaliyyəti, sahibkarlara göstərilən dəstək mexanizmləri və “İnci Çay” brendinin məhsulları haqqında məlumat təqdim olunub.
“ABAD” ailə bizneslərinin inkişafına dəstək göstərməklə yerli istehsalın təşviqinə və regionlarda sahibkarlığın genişlənməsinə töhfə verməyə davam edir.