DÜNYA
Türkiyənin Somaliyə araşdırma gəmisi göndərəcəyi tarix açıqlanıb
İstanbul, 11 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin “Oruç Rəis” araşdırma gəmisi sentyabrın sonu və ya oktyabrın əvvəlində Somaliyə yola salınacaq. Gəmi burada 3D seysmik tədqiqatlar aparacaq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.
Rəhbərlik etdiyi sahə üzrə müxtəlif məqamlara aydınlıq gətirən nazir bildirib ki, ölkədə cari kəsirin azaldılması və inflyasiya ilə mübarizə istiqamətində tətbiq edilən iqtisadi proqramın əsas hədəflərindən biri də enerji idxalını azaltmaqdır.
“Qara dənizdə təbii qaz kəşf edilənə qədər Türkiyə qazın demək olar ki, hamısını xaricdən idxal edirdi. Hazırda geosiyasi proseslər qiymətlərə çox təsir edir və kövrək hal alıb. Pandemiyanın da qiymətlərə təsirini qeyd etmək lazımdır. Yeni üzən təbii qaz platforması sentyabrın 26-27-də Türkiyəyə gətiriləcək. Hazırda Aralıq dənizindədir. Yeni təbii qaz hasilat bazası Sakarya Qaz Sahəsinə göndəriləcək və 2026-cı ilin ortalarından hasilata başlanacaq. Sakarya qaz yatağından gündəlik 20 milyon kubmetr qaz hasil olunacaq ki, bu da 8 milyon evin təbii qaz ehtiyacını ödəyəcək”, - deyə nazir vurğulayıb.
Bu günə qədər Qabar dağında neft hasilatının 47 min barelə çatdığını xatırladan nazir bildirib ki, oktyabr ayında bu rəqəm 50 min barelədək yüksələcək: “Hazırda isə Türkiyədə gündəlik ümumi neft hasilatı 110 min barelə çatıb”.