SİYASƏT
Türkiyənin Vyetnamdakı səfiri: Azərbaycanın Zəfəri ilə bölgədə ədalət bərqərar olub
Pekin, 10 noyabr, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyində Zəfər Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnamın Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının, Türkiyənin, Qazaxıstanın və Pakistanın Vyetnamdakı səfirləri və diplomatik korpusun təmsilçiləri, media nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Səfir Şövqi Mehdizadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, şanlı bayrağımızın Azərbaycanın bütün ərazilərində dalğalandığını bildirib.
Səfir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini xalqımızın ehtiramla yad etdiyini bildirib.
Qazaxıstan səfiri Kanat Tomyuş görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti və taleyüklü tarixi qərarları sayəsində Zəfər gedən yolun açıldığını vurğulayıb.
Türkiyənin səfiri Korhan Kemik Azərbaycan xalqını öz əzəli torpaqlarının işğaldan tam azad olunması münasibətilə təbrik edib, bu qələbə ilə bölgədə ədalətin bərqərar olduğunu söyləyib.
Pakistanın səfiri Zəfər Günü münasibətilə təbriklərini ifadə edərək, ölkələrimizin hər zaman həmrəyliyinin vacibliyini bildirib.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nquyen Vu Hai bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə münaqişəyə son qoyulub, region ölkələrinin dinc şəraitdə yaşaması üçün yeni imkanlar yaranıb.
Sonra Azərbaycan musiqisinin sədaları altında tədbir iştirakçılarına Azərbaycan mətbəxinin təamları, o cümlədən dolma, plov və kabab təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin