TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI VƏ SİLAHLI QÜVVƏLƏR GÜNÜ QEYD EDİLMİŞDİR
Türkiyə və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş, Mustafa Kamal Atatürkün və Heydər Əliyevin portretlərinin asıldığı əzəmətli salonda hər iki ölkənin dövlət himni səslənmişdir.
Milli Məclisin deputatlarının, nazirliklərin, dövlət komitələrinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, diplomatik korpus nümayəndələrinin iştirak etdiyi mərasimi Türkiyənin ölkəmizdəki səfirliyinin hərbi attaşesi general-mayor Seyhan Ceyhan açaraq, Türkiyə Cümhuriyyətinin və onun Silahlı Qüvvələrinin yaranma tarixindən danışmışdır. O, təməli ümummilli lider Heydər Əliyev və sabiq prezident Süleyman Dəmirəl tərəfindən qoyulmuş Azərbaycan-Türkiyə dostluğunun bugünkü yüksək səviyyəsindən məmnunluğunu bildirmiş, Türkiyənin istiqlalı, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərə ulu Tanrıdan rəhmət diləmişdir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev mərasim iştirakçılarını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin, habelə milli ordunun şəxsi heyəti adından bayram münasibətilə təbrik etmişdir. Nazir ümummilli lider Heydər Əliyevin 2002-ci il iyulun 27-də Ankarada, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı nitqindən aşağıdakı sözləri xatırlatmışdır: “Biz türk ordusu ilə fəxr edirik. Azərbaycanda türk ordusuna böyük sevgi, məhəbbət həmişə yaşayır. Şəxsən mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk xalqı qarşısında xidmətləri əvəzsizdir. Yəni o qədər böyükdür ki, ona qiymət vermək çətindir. Amma bunların içərisində onun iki böyük xidməti var. Birinci Türkiyə Cümhuriyyətinin yaranması, ikinci türk ordusunun yaranmasıdır”.
Səfər Əbiyev Türkiyənin istiqlal müharibəsində böyük qəhrəmanlıq göstərmiş Azərbaycan övladlarını da yada salmış, müstəqil Azərbaycanın ordu quruculuğunda Türkiyənin köməyini yüksək qiymətləndirmişdir.
Mərasim bayram süfrəsi ilə başa çatmışdır.