TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQULU BERDİMƏHƏMMƏDOVUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC xəbər verir ki, mayın 19-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidentini Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar ali qonağa gül dəstələri təqdim etdilər.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Qurbanqulu Berdiməhəmmədov və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
######
