RƏSMİ XRONİKA
TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQULU BERDİMƏHƏMMƏDOVUN NİTQİ
![TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQULU BERDİMƏHƏMMƏDOVUN NİTQİ](/files/2008/2/1200x630/14864560033470736817_1200x630.jpg)
- Hörmətli İlham Heydər oğlu!
Hörmətli dostlar!
Xanımlar və cənablar!
İlk növbədə, Türkmənistan xalqına ünvanlanmış xoş sözlərə və Türkmənistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi arzularına görə hörmətli İlham Heydər oğluna təşəkkürümü bildirmək istəyirəm.
İcazə verin, Azərbaycan torpağında Türkmənistan nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə və səmimi qəbula görə də minnətdarlığımızı bildirim. Biz burada yüksək dostluq ab-havası hiss edirik və bu mühit iki dövlət və onların xalqları arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə kömək edir.
Hörmətli İlham Heydər oğlu!
Bizi Azərbaycana rəsmi səfərə dəvətinizi mehriban qonşuluq münasibətlərimizin daha da genişləndirilməsini ürəkdən istəyən xeyirxah dost tərəfindən olan bir müraciət kimi qəbul etdik.
Bu gün keçirilmiş görüşlərin və danışıqların yekunları inandırıcı şəkildə göstərir ki, ölkələrimiz ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyurlar. Hörmətli Azərbaycan Prezidenti ilə biz əmin olduğumuzu bildirdik ki, tərəfdaşlığımızın möhkəm təməli var və bu əməkdaşlıq yaxşı perspektivləri olan böyük gələcəyə istiqamətlənmişdir. Bu fikrin təsdiqi və inkişafı kimi bu gün biz ölkələrimiz arasında mövcud normativ hüquqi bazanı daha da gücləndirən ikitərəfli sənədlər imzaladıq. Müasir reallıqlar nəzərə alınmaqla, bu gün əldə edilmiş razılaşmalar əvvəllər imzalanmış ikitərəfli sənədlərlə birlikdə gələcək birgə fəaliyyət üçün ciddi stimuldur.
Əziz dostlar!
Hazırda iqtisadi yüksəliş yolu ilə, xalqın maddi rifahının daha da yüksəldilməsi, ictimai sabitliyin möhkəmlənməsi, beynəlxalq aləmdə ölkənin nüfuzunun artırılması yolu ilə irəliləyən Azərbaycanda görülən işlərə biz Türkmənistanda böyük hörmətlə yanaşırıq. Biz xalqlarımızı birləşdirən, onları çoxəsrlik dostluq telləri ilə bağlayan hər şeyi qayğı ilə qoruyuruq. Xalqımız Türkmənistanla Azərbaycan arasında indiki və gələcək nəsillərin qarşılıqlı surətdə zənginləşməsinin əsasını təşkil edən dil, mədəniyyət və mənəviyyat ümumiliyini yüksək qiymətləndirir və onlara hörmət bəsləyir. Bu məqamda mən bizim xalq arasında da tamamilə eyni məna daşıyan gözəl Azərbaycan məsəllərini xatırlamaq istərdim: “Sədaqətli dost - əbədi dostdur”, yaxud “Dostumun evinə öz evim kimi gedirəm” və ya “Dost gəlişi bayram olar”.
Əziz dostlar, biz burada olduğumuz müddətdə nümayəndə heyətimizin necə səmimi qəbul edilməsinə əsasən xalq məsəllərinin düzgünlüyünü əyani şəkildə yəqin etdik. Bu gün biz gördük ki, Azərbaycan sürətlə inkişaf edir və ən başlıcası, bu ölkənin xalqı öz Vətəninin rifahı naminə, onun firavanlığı və sülh naminə yaşayır və işləyir.
Xüsusi vurğulamaq istərdim ki, həm türkmənlər, həm də azərbaycanlılar bugünkü həyatımızı qurarkən həmişə yaşlı nəsillərin təcrübəsinə əsaslanırlar, onların sayəsində biz sabaha inamla baxırıq. Bu barədə danışarkən belə bir məqamı da xatırlatmaq və vurğulamaq istəyirəm ki, bizim aramızda yaşca böyüklər də var. Onlara türkmənlər də “yaşlı” deyirlər, sizdə də belə deyirlər. Bu sözü ehtiramla işlədirlər. Mən Azərbaycan xalqının böyük oğlu, 85 illik yubileyini Azərbaycan xalqının bu yaxınlarda qeyd etdiyi Heydər Əlirza oglu Əliyevin xatirəsini xoş sözlərlə yad etmək istərdim.
Azərbaycanın ötən əsrdəki tarixinin, demək olar ki, yarısı bu dünya miqyaslı görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Türkmənistanda həmin dövr bizim ilk Prezidentimiz Saparmurad Niyazovun adı ilə bağlı olduğu kimi. Heç şübhəsiz, Heydər Əliyev yeni Azərbaycanın memarı və qurucusu, xalqın və ölkənin sıx birliyinin rəmzidir.
Buna görə biz də Sizinlə bərabər öz ölkələrimizin naminə, gələcək nəsillərin naminə çox iş görməliyik.
Qardaş Azərbaycana ən xoş arzularımı bildirmək, öz inkişafında yeni zirvələr fəth etməsi yolunda ona uğurlar arzulamaq məni məmnun edir. Bundan ötrü hər cür şərait və ilk növbədə, Türkmənistanın, onun xalqının timsalında mehriban qonşularınız vardır.
Əziz dostlar, mən bu badəni hörmətli dostum, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin sağlığına və onun uğurları şərəfinə qaldırmaq istərdim.
Ölkənizin rəhbərliyinə və bütün Azərbaycan xalqına sülh, səadət, əmin-amanlıq və tərəqqi arzulayıram.
Qoy Türkmənistan və Azərbaycan arasında dostluq və qardaşlıq möhkəmlənsin!
######