Ucarda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB VİDEO
Ucar, 19 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Fevralın 19-da saat 13:40 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (4 qadın, 2 kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə AZƏRTAC-a Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
“Xəsarət alanlara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir”, - deyə qeyd olunub.
15:16
Ucar rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Bakı–Qazax avtomobil yolunun rayonun Müsüslü kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, yolun 217-ci kilometrliyində eyni istiqamətdə hərəkətdə olan minik, yük və mikroavtobus markalı nəqliyyat vasitələri toqquşub. Toqquşmadan sonra minik avtomobili yoldan çıxaraq çökəyə düşüb.
Qəza nəticəsində 6 nəfər Ucar rayon sakinləri - 1975-ci il təvəllüdlü Səidə Mirzalı qızı Baxşəliyeva, 1966-cı il təvəllüdlü Zalikə Mirzalı qızı Salikova, 1973-cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva, 1985-ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci il təvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci il təvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.