Üç rübdə əmtəə ixracı və idxalı azalıb
Bakı, 15 dekabr, AZƏRTAC
Cari ilin 3 rübündə ölkədən əmtəə ixracının dəyəri 9,8 milyard dollar (35 faiz azalma) təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, dövr ərzində neft-qaz sektoru üzrə ixracın dəyəri 37,5 faiz azalaraq 8,5 milyard dollar olub (bu əsasən neft hasilatının 11 faiz və dünya bazarlarında xam neft qiymətinin 35,2 faiz azalaraq 9 ayın yekunları üzrə 41,6 dollar/barrel olması ilə əlaqədardır). İxrac olunmuş neft məhsullarının (6,8 milyard dollar) 6,5 milyard dolları xam neftin, 0,3 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Qeyri-neft ixracının dəyəri 9,3 faiz azalaraq 1,2 milyard dollar təşkil edib .
Hesabat dövründə əmtəə idxalının dəyəri 8,7 faiz azalaraq 7,4 milyard dollar olub, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.2 milyard dollar təşkil edib ki, bunun da 1,1 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 11 faiz azalaraq 6,1 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda kərə yağının (29,8 faiz), tərəvəz məhsullarının (14,2 faiz), minik avtomobillərinin (5,5 faiz) və kağız məmulatlarının (2,5 faiz) idxalı artıb.
Dəmir yolu nəqliyyat vasitələrinin (3,8 dəfə), tütün və tütün məhsullarının (29,7 faiz), mebel məhsullarının (28,2 faiz), metalların (16,2 faiz), kimya məhsullarının (15,2 faiz), daş və şüşə məmulatlarının (10,7 faiz), dənli bitkilərin (10 faiz), alkoqollu və alkoqolsuz içkilərin (10,6 faiz), şəkərin (4,4 faiz) və ağac məmulatlarının (4 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 7,6 faiz təşkil edərək 0,6 milyard dollar olub.