İDMAN
UEFA Çempionlar Liqası: “Bavariya” və “Barselona” dörddəbir finalda VİDEO
Bakı, 17 mart, AZƏRTAC
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin sonuncu iki iştirakçısı martın 16-da müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, paralel oynanılan görüşlərdən biri İspaniyada, digəri isə Almaniyada baş tutub. “Nou Kamp”da “Arsenal”ı qəbul edən “Barselona” komandası, mərhələnin ilk matçında olduğu kimi cavab oyununda da qalib gəlib. Katalon təmsilçisi 18-ci dəqiqədə Neymarın qolu ilə hesabı açıb. 51-ci dəqiqədə “Arsenal” Elneninin qolu ilə oyuna tarazlıq gətirib. 14 dəqiqə sonra Suares meydan sahibini yenidən hesabda irəli çıxarıb. Görüşdə 88-ci dəqiqədə son nöqtəni isə Messi qoyub -3:1.
Günün ən maraqlı matçı Münxendə, “Alyans Arena” stadionunda keçirilib. İlk oyunda Turində “Yuventus” ilə qarşılaşmadan sülhlə ayrılan (2:2) “Bavariya” görüşün əsas vaxtında eyni tale ilə üzləşib və sonda əzmkarlıq sayəsində matçı uzanma dəqiqələrinə daşıyıb. Münxenlilər altıncı dəqiqədə Noyerin səhvindən qapısında qol görüb. Pol Poqba “Yuventus”u 0:1 hesabda irəli çıxarıb. Qoldan sonra özünü cəmləyə bilməyən Qvardiolanın yetirmələri 28-ci dəqiqədə ikinci qola məyus olub. Turin təmsilçisinin heyətində Quadrado fərqlənib.
Alman maşını 70-ci dəqiqədən sonra işə düşüb. Rəqib qapısında hücumlarını artıran “Bavariya” 73-cü dəqiqədə Levandovskinin baş zərbəsi ilə hesabda fərqi azaldıb. Final fitinə az qalmış Müller komandasını məğlubiyyətdən xilas edib - 2:2. Əlavə olunmuş 30 dəqiqə ərzində münxenlilər əzmkar oyunla daha iki dəfə Buffonun qapısına yol tapıb. “Bavariya” Tyaqo və Komanın (108), (110) vurduqları qolla adını dörddəbirə yazdırıb.