UĞURLAR QİYMƏTLƏNDİRİLMİŞ, YENİ VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi tərəqqisinin sürətləndirilməsinə daimi diqqət və qayğı göstərdiyini xüsusi vurğulamış, əldə edilmiş müvəffəqiyyətlər barədə məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, əhalinin məşğulluğu problemlərinin tədricən həllini tapması dövlətimizin bu məsələyə xüsusi önəm verməsinin bariz nümunəsidir.
Natiq İmişlidə regional əhəmiyyətli nəhəng şəkər zavodunun tikilməsini, hazırda orada 1200 nəfər yerli sakinin çalışmasını əsil hadisə adlandırmış, “Broyler-Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin, şirə-konyak və süd zavodlarının işə salınmasını, 8 min yerlik idman kompleksinin tikilməsini də uğurlu addımlar kimi qiymətləndirmiş, həmçinin keçən il 2036, bütövlükdə Dövlət Proqramının qəbulundan ötən dövrdə isə 4500 iş yeri yaradıldığını nəzərə çarpdırmışdır.
Məruzə ətrafında müzakirələrdə maliyyə idarəsinin rəisi Kamal Ağayev, polis şöbəsinin rəisi Tərlan Qəhrəmanov, mərkəzi rayon xəstəxanasının baş həkimi Tahir Mikayılov, təhsil şöbəsi müdiri Akif Mövsümov, mədəniyyət şöbəsinin müdiri Hasil Tağıyev, Suvarma sistemləri idarəsinin rəisi Arif Abışov, gənclər və idman idarəsinin rəisi Akif Nəsirov və başqaları çıxış edərək hesabat dövründə əldə olunmuş müsbət nəticələri qiymətləndirmiş, mövcud problemlərə toxunmuşlar.
Respublika kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək qazanılmış nailiyyətləri təqdir etmiş, qarşıda dayanan yeni vəzifələrin dönmədən yerinə yetiriləcəyinə əmin olduğunu bildirmişdir.
İclasda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Məmmədov iclasda iştirak etmişdir.