UKRAYNA AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI ÖNƏMLİ SAYIR
Ukrayna Azərbaycanın Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin reallaşdırılmasına cəlb edilməsində maraqlıdır. Görüş zamanı Ukraynanın Qara dəniz sahillərində infrastrukturun inkişafına dair birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən də danışılmışdır.
A.Kinax və A.Abbasov hər iki ölkənin strateji tərəfdaşlığın dərinləşdirilməsində və təkmilləşdirilməsində maraqlı olduğunu təsdiq etmişlər. Qeyd olunmuşdur ki, ikitərəfli ticarətin həcmi dinamik surətdə artır. Belə ki, ötən il əmtəə dövriyyəsi 2004-cü illə müqayisədə 36,9 faiz çoxalmışdır.
Danışıqlarda Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının yeddinci iclasına hazırlığın gedişi müzakirə olunmuşdur. Tərəflərin fikrincə, iclas ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcəkdir. Tərəflər əməkdaşlığın energetika, hərbi-texniki kompleks, aviasiya, gəmiqayırma, nəqliyyat infrastrukturu, inşaat, kiçik və orta biznes kimi sahələrini öncül istiqamətlər hesab edirlər.
A.Kinax və A.Abbasov Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfərinə hazırlıq və Bakıda Ukrayna-Azərbaycan biznes forumunun keçirilməsi ilə bağlı məsələləri də müzakirə etmişlər.