HEYDƏR ƏLİYEV - 1
Ukrayna mətbuatında Heydər Əliyevə həsr olunan məqalə dərc edilib
![Ukrayna mətbuatında Heydər Əliyevə həsr olunan məqalə dərc edilib](/files/2023/3/1200x630/17023383394971255214_1200x630.jpg)
Kiyev, 12 dekabr, AZƏRTAC
Ukraynanın “Kyiv Diplomatic” saytında soydaşımız, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru professor Arif Quliyevin 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Ulu Öndərə həsr olunmuş məqaləsi yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, bu dahi, müdrik və qətiyyətli insanın liderliyi olmasaydı, gənc dövlətin taleyini təsəvvür etmək çətin olardı.
“Xalq ömrünü Vətənə, ölkəyə, xalqa böyük xidmətə həsr etmiş liderlərini və qəhrəmanlarını unutmur. Artıq 20 ildir Heydər Əliyev bizimlə deyil, bu gün dünya Azərbaycandan danışırsa, Heydər Əliyevdən danışır. Şübhəsiz ki, Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qüdrətli lideri kimi tanınıb, cismən gedəndən sonra da milli şöhrətini, şərəfini, məhəbbətini itirməyib. O, bütün dünyada hörmətlə qarşılanır, hər bir azərbaycanlı üçün ideala çevrilmiş müdrik siyasətçi təkcə ölkənin istedadlı rəhbəri kimi deyil, həm də dərin ahəngdar, ayrılmaz, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi örnəkdir. O, ölkənin və xalqın həyatının ən mühüm və çətin anlarında həlledici rol oynamaq bacarığı sayəsində dərhal xilaskarlıq missiyasını yerinə yetirərək dövləti və xalqı düzgün yola yönəltdi. Üstəlik, Heydər Əliyev yorulmaz bir insan idi, özünü inkişaf etdirməsi bütün həyatı boyu davam etdi”, - deyə məqalədə qeyd olunur.
Heydər Əliyevin fəaliyyətindən geniş bəhs edən müəllif yazır ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev son 20 ildə Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev