Ukrayna rəsmisi: Azərbaycan istənilən fövqəladə hallarda dəstəyimizə arxalana bilər
Kiyev, 16 yanvar, AZƏRTAC
Müharibə başlayandan Azərbaycan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və genişmiqyaslı fövqəladə halların aradan qaldırılması prosesində Ukraynaya, o cümlədən Fövqəladə Hallar Dövlət Xidmətinə daim dəstək verib. Xüsusilə, Kaxovka SES-də baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması zamanı Azərbaycan Respublikasından olan tərəfdaşlar Ukrayna xalqına bütün lazımi yardım və dəstəyi göstərmişlər.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin sədri vəzifəsini icra edən Vladimir Demçuk söyləyib.
Xilasedicilərin hazırda müharibə şəraitində yerinə yetirdikləri vəzifələr barədə məlumat verən V.Demçuk müharibənin ilk günlərindən Ukraynaya gələn humanitar yardıma görə Azərbaycan Respublikasına bir daha təşəkkür edib.
“Müharibə zamanı Azərbaycandan olan dostlarımız və tərəfdaşlarımızın birliyi çox vacibdir. Biz azad edilmiş Ukrayna ərazilərinin minalardan təmizlənməsində göstərdiyiniz köməyə, xüsusilə mexanikləşdirilmiş minatəmizləmə üçün maşınla təmin etdiyinizə, fövqəladə halların aradan qaldırılması üzrə təcrübə mübadiləsinə görə Azərbaycan dövlətinə təşəkkür edirik. Bu, bizim üçün çox vacib və lazımlı dəstəkdir. Siz də istənilən fövqəladə hallarda bizim dəstəyimizə və köməyimizə arxalana bilərsiniz”, - deyə Vladimir Demçuk vurğulayıb.
Öz növbəsində səfir Seymur Mərdəliyev iki ölkə arasında, o cümlədən Ukrayna xilasediciləri ilə əməkdaşlığın gücləndirilməsinin son dərəcə vacib olduğunu qeyd edib. Bildirib ki, gələcəkdə daha səmərəli qarşılıqlı fəaliyyət üçün memorandumun imzalanması nəzərdə tutulur.
“Ukrayna ölkəmizin etibarlı tərəfdaşı və dostudur. Biz anlayırıq ki, hazırda dövlətiniz necə ağır günlər yaşayır. Bizim dəstəyimiz sarsılmaz olaraq qalır, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində xilasedicilərə dəstək və müharibənin fəlakətli nəticələrinin aradan qaldırılmasına yardım davam etdiriləcək”, - deyə S.Mərdəliyev əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev