UKRAYNA TELEKANALI ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ BARƏDƏ ÖLKƏ RƏHBƏRLİYİNİN MÖVQEYİNİ ŞƏRH ETMİŞDİR
Kiyevdə 5-ci kanalın ən populyar sayılan “Ças” proqramının şərhçisi xatırladıb ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Ukraynaya dövlət səfəri zamanı Prezident Leonid Kuçma Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, minlərlə qaçqının vəziyyəti barədə fikirlərini birbaşa açıq bəyanatla ifadə etmişdir. Daha sonra verilişdə münaqişənin kökü, nəticələri şərh olunmuşdur. 15 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nə ATƏT-in Minsk qrupu, nə də digər daha mötəbər beynəlxalq təşkilat tərəfindən həllini tapmadığına televiziya tamaşaçılarının diqqəti cəlb edilmişdir. Bir sıra dövlətlərin, o cümlədən Ukraynanın problemin həllində vasitəçilik etmək səylərini də erməni tərəfinin subyektivliyi üzündən nəticəsiz qaldığı vurğulanmışdır. Prezident Leonid Kuçmanın Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyev ilə rəsmi görüşlərində verdiyi bəyanatın geniş əks-səda doğurduğu bildirilmişdir.
Sonra ukraynalı politoloqların, yerli mətbuatın bu bəyanata münasibətini önə çəkən telekanalın şərhçisi Azərbaycanın problemlərinə obyektiv münasibətləri tamaşaçılara təqdim etmişdir. MDB çərçivəsində, habelə Ukraynanın köməyi ilə danışıqlar prosesində, nəhayət, əməli nəticələrə nail olmaq zərurəti ifadə edilir. İşğalçı Ermənistana, Dağlıq Qarabağ separatçılarına qarşı beynəlxalq birliyin sərt tədbirlər görməsi vaxtının çatdığı vurğulanmışdır.
Daha sonra Prezident İlham Əliyevin Ukraynaya səfəri, aparılan danışıqlar, Prezident Leonid Kuçmanın məlum bəyanatı və digər məsələlər “Ças” verilişinin qonağı olan Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə söhbətdə ətraflı müzakirə edilmişdir. Səfir demişdir ki, Prezidentimiz cənab İlham Əliyevin dövlət səfəri strateji, tərəfdaşlıq münasibətlərimizi genişləndirdi, bu münasibətlərin daha da inkişaf etməsinə yaxşı təkan verdi. Deyərdim ki, bu, Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ oldu.
-Cənab səfir, hər halda, Dağlıq Qarabağ mövzusuna qayıdıram. Prezident Kuçmanın, zənnimcə, belə açıq bəyanatı, Azərbaycan ərazisinin bir hissəsinin işğal edildiyini, yüz minlərlə qaçqının olduğunu açıq-aydın deməsi sizin üçün müəyyən dərəcədə gözlənilməz oldumu? Bu, rəsmi Bakı üçün nəyə sübutdur? O mənada ki, Ukrayna tamamilə Azərbaycanın tərəfində durmuşdur?
-Xeyr, bu, bizim üçün gözlənilməz olmadı. Çünki Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə ərazi bütövlüyünə tərəfdar olduğunu bildirmişdir. Ukrayna bu məsələnin həllində həmişə beynəlxalq hüquq normalarını əsas tutmuşdur. Bu məsələnin həllində öz vasitəçilik xidmətlərini həmişə təklif etmişdir. Leonid Daniloviç belə konkret çıxışı ilə həmin məsələdə Ukraynanın mövqeyini, sadəcə olaraq, bir daha təsdiqlədi. Çünki bu, yeganə düzgün mövqedir. Həqiqətən, işğalçılar Azərbaycan torpaqlarından çıxıb getməlidirlər, bir milyon qaçqın öz ocaqlarına qayıtmalıdır, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bu müqavilədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Bunu Azərbaycan da edəcəkdir.