Ukraynalı politoloq: Azərbaycanın işğal edilmiş ərazilərinin süni şəkildə məskunlaşdırılması siyasəti tarixin saxtalaşdırılmasına yönəlib
Kiyev, 1 sentyabr, AZƏRTAC
Əslində Dağlıq Qarabağdan sıxışdırılıb çıxarılmış Azərbaycan vətəndaşlarının əmlak hüquqları və hazırda Livandan olan köçkünlərin məskunlaşdırıldığı torpaqlar üzərində bütün qanuni hüquqları qüvvədə qalır. Bu siyasət son nəticədə beynəlxalq hüquqa ziddir və hətta Yerevanın bu regiona təsiri zəifləyəcəyi halda da münaqişənin dərinləşməsinə şərait yaradacaq.
Ukraynadakı “Doktrina” siyasi araşdırmalar mərkəzinin rəhbəri, politoloq Yaroslav Bojko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, belə tədbirlər, həmçinin etnik təmizləmələr və yerli əhaliyə təzyiq barədə informasiya Azərbaycanın bu region üzərində nəzarətini bərpa edə bilməməsi üçün orada sərt monoetniklik siyasəti deməkdir.
Y.Bojko daha sonra vurğulayıb: “Ayrı-ayrı regionlarda silahın gücü zəifləyəndə və regionda hakimiyyət şübhə altına alına biləcəyi təqdirdə demoqrafik dəyişikliklər siyasəti həmişə ehtiyat ssenari yaratmaq cəhdidir”.
O bildirib ki, Dağlıq Qarabağda yürüdülən köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarının pozulmasıdır və tarixin saxtalaşdırılmasına yönəlib.
Ukraynalı politoloq sonda deyib: “Beynəlxalq təşkilatlar, münaqişənin həllində fəal iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş ərazilərin süni şəkildə məskunlaşdırılması fəaliyyətinə münasibətdə özlərinin konkret mövqelərini bildirməlidirlər”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev