Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar
Qəbələ, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən bir qrup ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub.
Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ukraynadakı müharibədən əziyyət çəkən uşaqlar əvvəlcə qoruğun tarixi məkanları - Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının iştirakı ilə burada aparılmış arxeoloji qazıntılar, arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib.
Ukraynadakı müharibədən əziyyət çəkən uşaqlar sonra Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar.
Arxeoloji Mərkəzin akt zalında keçirilən görüşdə qoruğun direktoru Zahir Kərimov ukraynalı uşaqlara Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərinin tarixi, həmçinin Tarix-Bədii Qoruğun və Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Sonda qonaqlar üçün çay süfrəsi təşkil olunub, xatirə hədiyyəsi təqdim edilib.
Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.