Ulu Öndər Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi
Bakı, 14 iyun, AZƏRTAC
XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran Azərbaycan xalqı iki il sonra bu müstəqilliyini itirmiş və zorla Sovet İttifaqının tərkibinə qatılmışdır. Bütün resursların ittifaq məqsədinə xərcləndiyi bir şəraitdə, keçən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatı yoxsul, primitiv və bərbad vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85 faizi yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-də ən geridə qalmış region vəziyyətinə düşmüşdü. Əhali də yoxsul yaşamaqdan bezmişdi. Belə bir şəraitdə SSRİ rəhbərliyində Azərbaycan Respublikasının özünü doğrultmadığı, onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi ölkəmizin taleyini dəyişdirdi və onu yox olmaqdan xilas etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin iyunun 14-də keçirilən xüsusi iclasında deyib.
O bildirib ki, 15 il sonra Azərbaycan artıq SSRİ respublikalari arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. 1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhətdən təmin edə bilən hala gəlmişdi. Yaradılan iqtisadi potensial və iqtisadi infrastruktur ölkənin gələcəyinə hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna tarixi xidməti idi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin.
Komitə sədri diqqətə çatdırıb ki, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə xilas etdi. O, əvvəlcə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail oldu. Daha sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. O şəxsiyyətinə olan inam və öz şəxsi zəmanəti hesabına Azərbaycan iqtisadiyyatını dünyaya inteqrasiya etdi, kəmərlər, yollar inşa etdi. Azərbaycanı parçalamaq, zəif görmək, milli ləyaqətimizi daim alçaltmaq istəyənlərin arzularını əbədi olaraq gözlərində qoydu.