Ulu Öndər bütün həyat və fəaliyyətini doğma Vətənə və xalqın xoşbəxtliyinə həsr edib
Bakı, 12 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə rəsədxananın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül düzüb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədbirdə rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin ictimai-siyasi fəaliyyətindən danışıb. Qeyd edilib ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz uğurlu inkişaf yolu keçib. Ulu Öndər digər sahələrlə yanaşı, elm və təhsil sahəsinin inkişafına da daim xüsusi önəm verib.
Dahi rəhbərin şəxsiyyətinin böyüklüyündən, ideyalarının əhəmiyyətindən bəhs edən N.Cəlilov bildirib ki, Heydər Əliyev bütün həyat və fəaliyyətini doğma Vətənə və xalqın xoşbəxtliyinə həsr edib. Ölkəmizdə qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.