Ulu Öndər hər zaman Azərbaycan elminə yüksək diqqət və qayğı göstərib
Bakı, 12 dekabr, AZƏRTAC
Müasir dövrdə ölkəmizdə elmin və təhsilin bugünkü inkişafa nail olmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görən dahi lider Heydər Əliyevin ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında, respublikamızın elmi potensialının gücləndirilməsində, demokratik dövlətçiliyimizin elmi əsaslar üzərində qurulmasında, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində, güclü iqtisadiyyatımızın qurulmasında misilsiz rolu olub. Ulu Öndər hər zaman Milli Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət verib, diqqət və qayğı göstərib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, Azərbaycan elmi Ümummilli Lider Heydər Əliyevin qayğısı və himayəsi sayəsində inkişaf edib və formalaşıb. Akademiya üçün ən çətin vaxtlarda belə Ulu Öndər akademiyanı qoruyub, cəmiyyətdə baş vermiş böhrandan xilas edib və bu elm ocağına Milli Elmlər Akademiyası statusu verib. “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq”, - deyən Heydər Əliyev bununla akademiyaya öz münasibətini bəyan edib. “Heydər Əliyev İli” ərzində Azərbaycanda və ölkə hüdudlarından kənarda Ulu Öndərin xatirəsinə həsr olunan təbdirlər, beynəlxalq konfranslar, dəyirmi masalar, seminarlar, sərgilər keçirilib və bu proses davam etdirilir. AMEA-da da “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər planı hazırlanıb, Ulu Öndərin zəngin irsinin daha dərindən araşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb, sistemli və fundamental tədqiqatlar, elmi-populyar əsərlər nəşr olunub. Bu il AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 50-yə yaxın kitab və monoqrafiya işıq üzü görüb. Azərbaycan alimləri və təhsil işçiləri ərsəyə gətirdikləri sanballı nəşrlərlə Ulu Öndərin ruhu qarşısında mənəvi borclarını yerinə yetiriblər. Bundan başqa, AMEA tarixində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndər Heydər Əliyevə həsr edilmiş Xüsusi iclası keçirilib.
“Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev müdrik və uzaqgörən siyasətçi kimi xalqın gələcəyini məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və alimlər qarşısında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələr verməsi, habelə akademiyanın binası ətrafında aparılan yenidənqurma, abadlıq işləri ilə yaxından tanış olması bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir.
Prezident İlham Əliyevin Qarabağın Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncamı isə Azərbaycan təhsil tarixində yeni bir səhifəni yazmış oldu. Otuz il işğalda olan tarixi torpaqlarımızda belə bir universitetin açılması Azərbaycan elmi və təhsili qarşısında yeni üfüqlər açacaq”,- deyə N.Qəhrəmanova bildirib.