Ulu öndər Heydər Əliyev Azərbaycanın milli inkişaf strategiyasının banisidir
Bakı, 6 may, Ramiz Quliyev, AZƏRTAC
Mayın 6-da Ombudsman Aparatında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən V Respublika elmi-nəzəri konfransında müasir müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin ölkəmizin inkişafı naminə gördüyü işlər bir daha xatırlandı.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova konfransda milli inkişaf strategiyasının müəllifi olan ümummilli lider Heydər Əliyevin ölkəmizin böyük yüksəliş xəttini müəyyənləşdirdiyini vurğuladı.
Bildirdi ki, 1993-cü ildə - respublikanın çox ağır bir dövründə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə Ulu Öndər ilk növbədə cəbhə xəttində atəşkəsə nail oldu, sonrakı illərdə isə ölkəni siyasi-iqtisadi böhrandan çıxarmaq istiqamətində ciddi dönüş yaratdı.
E.Süleymanova 1994-cü ildə Azərbaycanın dünyanın iri dövlətləri ilə “Əsrin müqaviləsi”ni imzaladığını, bununla da respublikamızın müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi yolunda əsaslı addım atdığını qeyd etdi. Bundan sonra Azərbaycan iqtisadiyyatının yüksəliş dövrü başlandı, mühüm islahatlar həyata keçirildi, eləcə də regionların sosial-iqtisadi inkişafına güclü təkan verildi.
Ombudsman, həmçinin diqqətə çatdırdı ki, ölkəmizin demokratiya yolu ilə gedəcəyini, demokratik dəyərlərə böyük önəm verəcəyini bəyan edən Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya insan hüquq və azadlıqlarının təmin edilməsi üçün əlverişli şərait yaratdı. Məhz görkəmli şəxsiyyət Heydər Əliyevin humanizminin nəticəsi kimi ölkəmizdə ölüm hökmü ləğv edildi və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı aradan qaldıran ölkə kimi tarixə düşdü.
Konfransda Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “İnsan hüquqlarının təminatı mexanizmində konstitusiya nəzarətinin rolu”, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Habil Qurbanov “Əsas insan və vətəndaş hüquqları və azadlıqları ilə mülkiyyət hüququnun qarşılıqlı təsiri və əlaqəsi” mövzularında çıxış etdilər.