“Ulu Öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbinin növbəti dərsi keçirilib








Bakı, 22 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən təşkil olunan “Ulu Öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbinin növbəti dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qala” Dövlət Tarixi-Etnoqrafiya qoruğunda keçirilən görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu, "Asəf Zeynallı 20" ƏPT sədri Ağalar Əliyev və layihə iştirakçıları iştirak ediblər.
Tədbirdə çıxış edən Muxtar Nağıyev bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib.
Deputat Elşad Mirbəşiroğlu deyib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənib və xalqının, dövlətinin inkişafı üçün yorulmaz fəaliyyət göstərib. Xalqının tələbini geri çevirməyən Heydər Əliyev ən çətin anda ölkəmizə rəhbərlik məsuliyyətini qəbul edib. Çünki Heydər Əliyevi xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızıl hərflərlə yazan böyük xilaskar, xalqın Ümummilli Liderinə çevrildi.
“Asəf Zeynallı 20” ƏPT sədri Ağalar Əliyev isə bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində müasir Azərbaycan tarixinin şanlı səhifələri yazılmağa başladı. Bu gün Azərbaycan nəyinki regionda, dünyada əsas söz sahibi olan dövlətlərindən birinə çevrildi.
Görüş sual-cavablarla davam edib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” rəqəmsal ideya müsabiqəsinin qalibi olan “ƏBƏDİ” komandasının üzvlərinə YAP Səbail rayon təşkilatı tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Sonda layihə iştirakçıları "Qala" Dövlət Tarixi-Etnoqrafiya qoruğuna ekskursiya ediblər.