Ulu Öndər milli dövlətçiliyin gücləndirilməsində tarixi xidmətlər göstərib – MEK-də anım tədbiri
Bakı, 12 dekabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən MEK-in direktoru professor Məmməd Əliyev Ulu Öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. O, görkəmli dövlət xadiminin respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycanın geridə qalmış aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildiyini, ötən əsrin 70-80-ci illərində ali təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradıldığını, maddi-texniki bazasının qurulduğunu, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə işlər görüldüyünü vurğulayıb. Qeyd edib ki, xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin müdrikliyi, müstəsna iradə və qətiyyəti sayəsində vətəndaş müharibəsinin qarşısı alınıb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib, aparılan köklü islahatlar nəticəsində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.
Ulu Öndərin 100 illik yubileyi çərçivəsində AMEA-da silsilə tədbirlər keçirildiyini diqqətə çatdıran Məmməd Əliyev görülən işlərdə MEK-in yaxından iştirak etdiyini vurğulayıb.
MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri kimi azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin gücləndiyini, real siyasi amilə çevrildiyini qeyd edib. M.Göyüşlü Ulu Öndərin sovet hökumətinin ən sərt dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdığını, bu tədris ocağında ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrların hazırlandığını bildirib. O, sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüsün böyük hünər tələb etdiyini, bunu yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edildiyini vurğulayıb.
Elektron resurslar şöbəsinin əməkdaşı Xəyalə Məmmədli Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərdiyini, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
MEK-in əməkdaşı Allahverən Allahyarov isə Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.
Sonda Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin Ulu Öndər Heydər Əliyev haqqında hazırladığı video nümayiş olunub.