REGİONLAR
Ulu Öndərin Azərbaycanda multikulturalizmin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirilir
![](/files/galleryphoto/2023/2/1200x630/16869283201946739388_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869283205837424304_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869283204827062093_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869283203288440389_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869283203847536783_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869283205841048313_1200x630.jpg)
Lənkəran, 16 iyun, İlkin Adıyev, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində cari ilin iyun-noyabr aylarında ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində ilk seminar Lənkəran şəhərində təşkil olunub.
Seminarların keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli çıxışında bildirib ki, Ümummilli Liderin multikulturalizm siyasəti ölkənin demokratik inkişafının tərkib hissəsidir. Ulu Öndər Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, eləcə də etnik-mədəni dəyərlərinin qorunmasına xüsusi önəm verib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Sakit Hüseynov çıxışında Ulu Öndərin “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” fikrini vurğulayaraq, qədim tarixə və zəngin ənənələrə malik xalqımızın xarakterik keyfiyyəti olan multikulturalizmin və tolerantlığın daha da inkişafı üçün hüquqi baza yaradıldığını bildirib. Qeyd edib ki, ölkəmizdəki multikultural və tolerant mühit Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib.
Sonda “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.
Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb.