Ulu Öndərin hakimiyyətə qayıdışı dövlətimizin möhkəmlənməsində həlledici rol oynayıb
Quba, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya inteqrasiya prosesinə qoşulmasında və modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə iyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda seminarda ətraflı danışılıb.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba rayon Ağsaqqallar şurasının sədri İldırım Məmmədov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Natiqlər müasir müstəqil Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə əbədi həkk olunan 1993-cü il 15 iyun tarixinin önəmi və müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı əvəzsiz rolu haqqında geniş məlumat veriblər.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin yeni nailiyyətlər qazandığını vurğulayan seminar iştirakçıları Azərbaycanın güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirdiyini qeyd ediblər.
Daha sonra mövzu ətrafında iştirakçıların məruzə və fikirləri dinlənilib.