Ülvi Mehdiyev: Yaralılara və şəhid ailələrinə yardım edən vətəndaşlarımızı qüvvələrimizi birləşdirməyə səsləyirəm
Bakı, 8 dekabr, AZƏRTAC
Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə yardımla bağlı ayrı-ayrı vətəndaşlardan təşəbbüslər həyata keçirilir. Həmin təşəbbüsləri yüksək qiymətləndiririk. Bunlar bir-birinə mane olmayan fəaliyyətlərdir. Belə fəaliyyət göstərən hər bir vətəndaşımızı qüvvələrimizi birləşdirməyə səsləyirəm. Onların əllərində yaralananlara və şəhid ailələri ilə bağlı müəyyən informasiyalar varsa, bizə ötürsünlər ki, həmin şəxslərə Fond tərəfindən dəstək göstərilməsi üçün onları ümumi reyestrə salaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondu ilə bağlı keçirilən onlayn mətbuat konfransında deyib.
“Vətən müharibəsində yaralananlara və şəhid ailələrinə edilən yardımlar könüllü fəaliyyətdir. Bununla hər kəs məşğul ola bilər. Lakin problemin qısa müddətdə həlli məqsədilə qüvvələrimizi birləşdirmək daha effektiv ola bilər. Həmin şəxslərin hər biri “YAŞAT” Fondunun könüllüsü ola bilər. Onlar yaralılar, şəhid ailələri haqqında məlumatı toplayıb bizə yönləndirə bilərlər ki, hamının görəcəyi bir şəkildə Fond vasitəsilə onlara yardım edilsin”, - deyə Ü.Mehdiyev bildirib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərəcək “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb.