Umar Kremlyov: “Paris-2024”də boks yarışını Beynəlxalq Boks Assosiasiyası təşkil edə bilər
Bakı, 23 dekabr, AZƏRTAC
Boksun Paris Yay Olimpiya Oyunlarının proqramında yer alması məsələsi artıq dəqiqləşib. “Paris-2024”də boks yarışını Beynəlxalq Boks Assosiasiyası (IBA) təşkil edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda səfərdə olan IBA-nın prezidenti Umar Kremlyov dekabrın 23-də jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Boksun növbəti Olimpiya Oyunlarının proqramında da yer almasının vacib qərar olduğunu bildirən U.Kremlyov buna görə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təşəkkürünü ifadə edib. Qeyd edib ki, qarşıdakı illərdə də boksda islahatlar aparılacaq.
U.Kremlyov deyib ki, qurumun gələcəkdə nümunəvi beynəlxalq təşkilata çevrilməsi qarşıya hədəf qoyulub. Hakimliklə bağlı məsələlərin üzərində işlənilir. Eyni zamanda, müstəqil ekspertlər cəlb ediləcək. Qanun pozuntularına yol verənlər barədə ciddi ölçü götürüləcək. Dəqiq qaydaların müəyyənləşdirildiyini bildirən IBA prezidenti kobud pozuntuya yol verənlərlə həmişəlik vidalaşacaqlarını vurğulayıb.
Qurum rəhbəri Azərbaycanda nüfuzlu bir yarışın keçirilməsinin planlaşdırıldığını deyib: “Bu barədə açıqlama vermək bir qədər tezdir. Hələlik müzakirələr aparılır. Azərbaycanda keçiriləcək yarış dünya çempionatı, yaxud dünya kuboku da ola bilər”.
U.Kremlyov IBA-nın gələcək planlarından da danışıb. O, Ümumdünya Boks Seriyasını (WSB) canlandıracaqlarını, bundan başqa, “Çempionlar gecəsi”, yaxud “Qızıl əlcək” yarışını da təşkil etməyin mümkünlüyünü vurğulayıb.