ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ ƏMƏKDAŞLIĞIN NƏTİCƏLƏRİNDƏN RAZIDIR
Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkür edən Mark Danzon səfərinin məqsədi barədə ətraflı məlumat verərək bildirdi ki, inkişaf tempinə görə bölgədə qabaqcıl yerlərdən birini tutan Azərbaycan səhiyyəsində gedən islahatların vəziyyəti ilə yaxından tanışlıq görülən işlərin yüksək səviyyədə aparıldığını sübut edir. Xüsusən poliomielit, malyariya, vərəm kimi yoluxucu və ağır xəstəliklərə qarşı mübarizədə müsbət nəticələr əldə edildiyinin təqdirəlayiq olduğunu vurğulayan qonaq, Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın səmərəli nəticələrindən məmnun qaldığını vurğuladı.
Azərbaycanın səhiyyə sistemində islahatların uğurla davam etdirildiyi fikri ilə razılaşan Baş nazir Artur Rasizadə, Ümumdünya Səhiyyə Təşkilatının bu vaxtadək respublikamızın səhiyyəsinə göstərdiyi yardımlara və hərtərəfli köməyə görə təşəkkürünü bildirdi. Baş nazir eyni zamanda qeyd etdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün soydaşımızın ağır şəraitdə yaşaması ölkədə tibbi problemlərin hələ tamamilə aradan qaldırılmasına imkan vermir. Sonra Artur Rasizadə beynəlxalq qurumların münaqişə həllini tapanadək əhalinin həmin aztəminatlı təbəqəsinə tibbi yardım göstərilməsi işinin davam etdirilməsinin vacibliyini nəzərə çatdırdı.
Səmimilik şəraitində keçən görüşdə digər məsələlər ətrafında da söhbət getdi.
Azərbaycan Respublikasının səhiyyə naziri Əli İnsanov qəbulda iştirak edirdi.