ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI AZƏRBAYCANIN SƏHİYYƏ SİSTEMİNDƏ APAILAN İSLAHATLARDAN RAZIDIR
Qonağı səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün təşkilatlarla, o cümlədən, ÜST ilə sıx əməkdaşlıq edir. 1994-cü ildə təşkilatın Bakıda ofisi açılandan sonra əməkdaşlığımız daha da genişlənmişdir.
Qonağın 2000-ci ildə Azərbaycana səfəri zamanı ümummilli liderimiz Heydər Əliyevlə keçirdiyi görüşü və ölkəmizin səhiyyə təşkilatları ilə tanışlığını xatırladan Milli Məclisin sədri Mark Danzonun bu gəlişinin əlaqələrimizin inkişafında yeni mərhələ açacağına ümidvar olduğunu bildirmişdir.
Sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin insanların səhhətinə, psixoloji durumuna vurduğu ziyan və ümumiyyətlə, problemlə bağlı qonağa ətraflı məlumat vermişdir.
Səmimi qəbul üçün minnətdarlıq edən Mark Danzon demişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda səhiyyə sistemində aparılan islahatlardan razıdır. Azərbaycanda səhiyyə sisteminə sərmayə qoyuluşu digər sahələrdən az olsa da, bu sahədəki irəliləyişlər çox yüksəkdir. Bunun bir səbəbi də qanunverici orqanda qəbul edilmiş mütərəqqi qanunlarla bağlıdır. Ümid edirik ki, parlament bundan sonra da səhiyyə ilə bağlı qanunların qəbulunda, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulmasında xüsusi fəallıq göstərəcəkdir.
Mark Danzon Murtuz Ələsgərovdan qaçqın və məcburi köçkünlərə tibb xidmətinin yaxşılaşdırılması, səhiyyəyə sərmayə qoyuluşunun artırılmasına şərait yaradacaq yeni qanunların qəbulu, ÜST-nin yeni nizamnaməsinin və “Tütün konvensiyası”nın təsdiqinə xüsusi diqqət yetirməsini xahiş etmişdir.
Milli Məclisin sədri xahişin məmnuniyyətlə yerinə yetiriləcəyini bildirmişdir.
Səhiyyə naziri Əli İnsanov ÜST-nin Azərbaycana göstərdiyi yardımlar barədə məlumat verdikdən sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.