ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrini müsbət qiymətləndirmiş və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün faydalı olacağına əminliyini bildirmişdir.
Ermənistanın təcavüzü nəticəsində respublikamızda öz doğma yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdıran nazir, ÜST tərəfindən onlara göstərilən qayğı və köməyin ölkəmiz üçün çox əhəmiyyətli olduğunu və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyinə əminliyini diqqətə çatdırmışdır.
ÜST-ün Avropa Regional Bürosunun direktoru Mark Danzon ölkəmizin sürətlə inkişafını məmnunluqla qeyd etmiş və bu təşkilatla Azərbaycan arasında mövcud əlaqələrin gələcəkdə daha sıx şəkildə davam etdirilməsinə tərəfdar olduğunu söyləmişdir.
Sonra Mark Danzon başçılıq etdiyi büronun və ÜST-ün fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə nazir Elmar Məmmədyarova ətraflı məlumat vermişdir.
Görüşdə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsində edilmiş düzəlişlərin və “Tütünə nəzarət haqqında” çərçivə konvensiyasının ratifikasiyasına dair fikir mübadiləsi aparılmışdır.
Mark Danzon Azərbaycandakı qaçqınların vəziyyətinin ÜST-ün daim diqqət mərkəzində olduğunu və onlara köməyin davam etdiriləcəyini bildirmişdir.
Görüşdə səhiyyə naziri Əli İnsanov iştirak etmişdir.