Ümummilli Lider Heydər Əliyev Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi
Gəncə, 15 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Tarix-coğrafiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, çıxış edən Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva Ulu Öndərin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən ətraflı danışıb. Bildirib ki, Ümummilli Lider dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, iqtisadi yüksəliş gətirdi. Dahi rəhbər Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi.
Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı Ulu Öndərin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdı.
Prorektor onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uzaqgörən müdrik siyasəti nəticəsində Vətən müharibəsi Azərbaycanın parlaq Qələbəsi ilə başa çatdı.
Tədbirdə Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Coğrafiya kafedrasının dosenti Arifə Əhmədli, Ümumi tarix kafedrasının dosenti Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə məruzə ilə çıxış ediblər.