Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Buxarestdə qeyd olunub








Buxarest, 12 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən tədbir keçirilib. Tədbir Ulu Öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstünün qarşısında təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə abidənin önünə əklillər və tər çiçəklər qoyulub, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Rumıniya Xarici İşlər Nazirliyinin Şərq Qonşuluğu üzrə Baş İdarəsinin direktoru Dan Yanku, Rumıniya Parlamentinin Senatının Media və Mədəniyyət Komitəsinin sədri Kristian-Auqustin Nikulesku-Tsıqırlaş, Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Moldovanın Rumıniyadakı səfiri Viktor Kirila və digərləri çıxış edib, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət veriblər.
Tədbir çərçivəsində abidənin ətrafında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən fotosərgi təşkil olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest