Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərimizin vətənpərvər böyüyüb tərbiyə olunması, onların tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) də səylərini əsirgəmir.
MTN-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, milli təhlükəsizlik orqanlarının rəhbər işçilərinin, əməkdaşlarının, veteranlarının iştirakı ilə mütəmadi olaraq ölkənin ali və orta məktəblərində müəllim-professor heyəti, tələbələr və şagirdlərlə görüşlər təşkil olunur, gənc nəslə vətənpərvərlik, dövlətçilik maraqlarına və mənafelərinə sədaqət ruhu aşılanır.
Nəsimi rayonunda Milli Qəhrəman Eldar Tağızadənin adını daşıyan 164 saylı orta məktəbdə Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, müstəqillik illərində milli təhlükəsizlik orqanlarının xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə görüş keçirilmişdir. Mərasimdə məktəbin müəllim və şagirdləri, MTN-nin Nəsimi rayon idarəsinin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə məktəbin foyesində şagirdlərin güllərdən zövqlə hazırladıqları ekspozisiyalarla tanış olmuşlar.
Sonra mərasim akt zalında davam etdirilmişdir. Azərbaycanın dövlət himni səsləndirilmişdir. Məktəbin direktoru Kəmalə Qədirova Vətənə, tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılıq kimi ülvi amalların gənclərimizdə gücləndirilməsi işində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin daim örnək olduğunu diqqətə çatdırmışdır. O, görkəmli dövlət xadiminin yorulmaz fəaliyyəti və fenomenal təşkilatçılıq bacarığı sayəsində Azərbaycanın müstəqilliyinin möhkəmləndiyini, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində sürətlə inkişaf etdiyini və ölkəmizin dünyada nüfuzunun artdığını bildirmişdir. Əziz gün ərəfəsində bu tədbirdə vaxtilə ulu öndərlə çiyin-çiyinə çalışmış təhlükəsizlik orqanlarının veteranlarının da məktəbin kollektivi ilə görüşə gəldiklərinin əlamətdar hadisə olduğu xüsusi vurğulanmışdır.
MTN Nəsimi rayon idarəsinin rəisi Azər Alıyev bildirmişdir ki, ulu öndər Heydər Əliyev zəngin və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmişdir. Məhz buna görə milli təhlükəsizlik orqanlarının şəxsi heyəti ümummilli lideri Heydər Əliyevi özünün əbədi və fəxri rəhbəri hesab edir. Qeyd olunmuşdur ki, dahi şəxsiyyətin mənalı və ibrətamiz həyat yolu gənc nəsil üçün əsl məktəbdir və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün tədris müəssisələrində keçirilən bu cür görüşlər çox əhəmiyyətlidir. Çünki ulu öndər bütün həyatı boyu xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına, bu sərvətin nəsildən-nəsilə ötürülməsinə, Azərbaycanın müstəqilliyinin əbədiliyinə və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etmişdir.
Görüşdə iştirak edən milli təhlükəsizlik orqanlarının veteranları Bəxtiyar Süleymanlı, Şirin Hacıkərimov, Zülfüqar Tağıyev, Azər Qarayev və Hamlet İsmayılov çıxışlarında bildirmişlər ki, bu gün Azərbaycan regionda və dünyada söz sahibi olan ölkədir. Bu nailiyyətlərin bünövrəsini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin milli maraqlarımızın hərtərəfli təmin olunması naminə yürütdüyü uğurlu siyasətin bu gün müsbət bəhrəsini görürük. Gələcəkdə də bu uğurların artırılması və möhkəmləndirilməsi, azərbaycançılıq siyasətinin inamla davam etdirilməsi, Azərbaycanın daha da qüdrətlənməsi bir vəzifə kimi bugünkü gənc nəslin üzərinə düşür. Veteranlar gəncləri ulu öndərin qoyduğu ənənələrə daim sadiq olmağa, onun siyasi irsini dərindən öyrənməyə və xalqını onun kimi sevməyə, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısını, gənc nəslə bəslədiyi yüksək etimadı və inamı doğrultmaq üçün var qüvvə ilə çalışmağa, biliklərə mükəmməl yiyələnməyə səsləmişlər.
Sonda görüş iştirakçılarına məktəblilərin dahi rəhbər Heydər Əliyevə həsr etdikləri ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Uşaqların ulu öndərin həyat və fəaliyyətinə dair ifa etdikləri musiqilər, söylədikləri şeirlər tədbir iştirakçılarında yüksək təəssürat oyatmışdır.
######
