SİYASƏT
Ümummilli Liderin xatirəsi Buxarestdə anılıb
Buxarest, 11 may, AZƏRTAC
Mayın 10-da Rumıniyanın Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, “SOCAR Petroleum SA” şirkətinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının rəhbərləri və üzvləri burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə əklillər və gül dəstələri qoyublar.
Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşı Ramiz Cəfərov Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, Ümummilli Liderin Azərbaycan tarixində əvəzsiz rolunu vurğulayıb. Dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar edilməsində, bütün sahələrdə inkişafın təmin olunmasında, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest