ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ NƏZDİNDƏKİ İQTİSADİ İNKİŞAF FONDU FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə iqtisadi əlaqələri genişləndirmək üçün gözəl imkanlar və perspektivlər vardır. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin ölkələrarası mal dövriyyəsini bir milyard dollara çatdırmaq barədə qarşıya qoyduqları məqsədə artıq nail olunmuşdur. Lakin İqtisadi İnkişaf Fondu bu rəqəmi də son hədd hesab etmir. İqtisadiyyatın bir çox sahələrində mövcud potensialdan istifadə etmək zəruridir. Fondun prezidenti Natiq Ağamirov turizm üçün cəzbedici və füsunkar yerlərə malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı görülən işləri müsbət qiymətləndirmişdir. O, bu günlərdə ölkəmizin gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ətraflı müzakirə aparıldığını söyləmiş və bu sahədə də geniş imkanların mövcudluğunu bir daha təsdiq etmişdir. İqtisadi İnkişaf Fondu nəzdində xüsusi turizm şurası yaratmaq qərara alınmışdır. Şura əməkdaşlıq məsələlərinin həllində müvafiq addımlar atacaqdır.
Ümumrusiya Azərbaycan Konqresi İqtisadi İnkişaf Fondu yanında bu günlərdə “Vaxt” telekom müəssisəsi təsis olunmuşdur. Azərbaycanla rabitə sahəsində əlaqələri inkişaf etdirmək üçün müvafiq razılaşmalar əldə edilmişdir.