UN-Habitat: “Bakı Şəhərsalma Mükafatı” qlobal təcrübələrin paylaşılmasına və əməkdaşlığa töhfə verəcək VİDEO
Bakı, 20 may, AZƏRTAC
Biz inanırıq ki, Ümumdünya Şəhərsalma Forumunun bu yeniliyi, eləcə də artıq mövcud olan və burada real həyatda nümayiş etdirilən təcrübələr toplusu, həmçinin yeni təsis edilən “Bakı Şəhərsalma Mükafatı” səylərimizi davam etdirməyə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Şəhərsalma Mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə” adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.
“Növbəti Ümumdünya Şəhərsalma forumlarında və ondan sonrakı dövrdə biz təcrübələri toplamağa davam edə bilərik. Onları Forum çərçivəsinə gətirməyi davam etdirə bilərik, lakin ən önəmlisi həmin təcrübələri hər kəs üçün əlçatan ictimai bir xeyir kimi təqdim etməkdir. Bu fürsətdən istifadə edərək Bakıda bu mükafatı təqdim edir və bildiririk ki, UN-Habitat Azərbaycan Hökuməti ilə və bu prosesdə bizə dəstək olacaq yüksəksəviyyəli kuratorlar qrupu ilə əməkdaşlığa sadiqdir”, – deyə o bildirib.