“UNİBANK” KOMMERSİYA BANKI 2005-Cİ İLİN YANVAR-NOYABR AYLARINA YEKUN VURMUŞDUR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu maliyyə qurumunun aktivləri 11 ay ərzində 47 faiz artaraq, 310,3 milyard manat təşkil etmişdir ki, bu da ötən il dekabrın 1-nə olan göstəricidən 63 faiz çoxdur.
Bankın kredit portfeli bu ilin 11 ayı ərzində 58 faiz artaraq 217 milyard manat olmuşdur ki, bu da ötən ilin dekabrının göstəricisi ilə müqayisədə 65 faiz artıqdır.
Bankın 11 ayın yekunlarına əsasən cəlb etdiyi depozitlərin həcmi 191,2 milyard manat təşkil etmişdir. Bu ilin yanvar-noyabr aylarında artım 60,5 faiz, illik artım isə 80,9 faiz olmuşdur. Depozitlərin ümumi həcmində təcili olanların payına 120,5 milyard manat düşmüşdür. Həmin göstəricinin bu ilin yanvar-noyabr aylarında artımı 67 faiz, illik artımı isə 77 faiz olmuşdur. Fiziki şəxslərin təcili depozitlərinin payına bu ilin yanvar-noyabr aylarında 57 faiz və ötən il dekabrın 1-nə olan göstərici ilə müqayisədə 65 faiz artım olmaqla, təxminən 101,8 milyard manat düşmüşdür.
Bankın gəlirləri 11 ayın yekunlarına əsasən, 47,8 milyard manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz çoxdur. Bankın balans mənfəəti ötən ilin eyni dövründə artım 47 faiz olmaqla, 12,9 milyard manat təşkil etmişdir.