UNİBANK VƏ AYİB İKİ KREDİT MÜQAVİLƏSİ İMZALAMIŞLAR
UniBankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mikromaliyyə kredit xətti ilə ayrılan vəsait hesabına, əsasən, iki istiqamətdə layihələrin - mikrolayihələrin, kiçik və orta sahibkarlıq layihələrinin maliyyələşdirilməsi planlaşdırılır. Hər iki istiqamətdə layihələrin maliyyələşdirilməsinə 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılacağı gözlənilir.
AYİB-in birgə maliyyələşdirmə layihəsi çərçivəsində ayırdığı kredit xətti UniBanka iri layihələri paritet şərtlərlə - maliyyələşdirmənin 50 faizi UniBankın öz vəsaiti, 50 faizi isə AYİB-in kredit xətti hesabına - maliyyələşdirməyə imkan verəcəkdir.
UniBankın idarə heyətinin sədri Faiq Hüseynov bildirmişdir ki, AYİB-in kredit xətti ayırması bank üçün çox əhəmiyyətlidir.
Hazırda bankın qarşısında duran başlıca vəzifə ayrılmaz hissəsi mikrokreditləşdirmə olan pərakəndə xidmət sahəsinin inkişafıdır. Bununla əlaqədar, UniBank üçün mikromaliyyələşdirməyə kredit xəttinin ayrılması bu istiqamətdə bir sıra məsələləri həll etməyə imkan verən ciddi addımdır. Bundan əlavə, mikromaliyyələşdirmə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin daxil olduğu seqment bazarının daha geniş əhatə edilməsi nöqteyi-nəzərindən bizim üçün maraqlıdır.
Bu xəttin vəsaitlərini xərcləmək məqsədi ilə xüsusi şöbə yaratmaq, habelə AYİB tərəfindən texniki dəstək alınması planlaşdırılır. Almaniyanın KfW Bankı Almaniya-Azərbaycan Fondu vasitəsilə bu layihəyə texniki yardım göstərir.
Birgə maliyyələşdirmə üzrə kredit xəttinə gəldikdə isə bu layihə Azərbaycanın maliyyə bazarı üçün yenidir. Həmin xətt üzrə ayrılmış vəsait iri layihələrin maliyyələşdirilməsini həyata keçirməyə imkan verəcəkdir. Əvvəllər bu layihələrin kreditləşdirilməsi Azərbaycan Milli Bankının normativləri ilə məhdudlaşırdı. Bu, həm də bizə kreditləşdirmə prosesində AYİB-in tamhüquqlu tərəfdaşı kimi iştirak etməyə şərait yaradacaqdır.
UniBank artıq uzun müddətdir ki, AYİB-lə uğurlu əməkdaşlıq edir. Bank AYİB-dən 5 kredit xətti almışdır. Məsələn, 2002-ci ildə kiçik və orta sahibkarlıq üçün ayrılmış 1,5 milyon dollar məbləğində kredit xətti 2003-cü ildə 2 dəfə artırılmışdır. Biz AYİB-dən 1,5 ABŞ dolları məbləğində ticarətin maliyyələşdirilməsi üçün kredit xəttinin alıcılarıyıq.
AYİB UniBanka yerli maliyyə sistemi üçün nadir olan 5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit vermiş tərəflərdən biridir. AYİB-in burada payı 1,5 milyon dollardır. Qalan vəsait bəzi Avropa bankları tərəfindən verilmişdir.
Bundan əlavə, AYİB-in illik yığıncağında UniBank “2003-cü ildə Azərbaycanda AYİB-in Ticarət Maliyyələşdirməsi Proqramı üzrə ən fəal inkişaf edən bank” nominasiyasında mükafata layiq görülmüş, “Banker” kimi nüfuzlu beynəlxalq maliyyə nəşri UniBankı AYİB-in əməliyyatlar apardığı ölkələrdə sürətlə inkişaf edən 50 bankdan ibarət siyahının ilk onluğuna daxil etmişdir.