Unudulmaz səsin izi ilə - Bülbülün Memorial Muzeyi VİDEO
Bakı, 27 fevral, Gülay Nəzərova, foto İlkin Cavanşirov, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Bülbülün Memorial Muzeyi.
Bülbülün Memorial Muzeyi paytaxtda, Bülbül küçəsi, 15 ünvanında yerləşir. Muzey Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, ictimai xadim və professor Bülbülün həyat və yaradıcılığına həsr edilib.
Muzey Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb.
Bülbül bu mənzildə 1937-ci ildən ömrünün sonunadək - 1961-ci il sentyabrın 26-dək yaşayıb və fəaliyyət göstərib.
Memorial muzey 4 ekspozisiya otağından ibarətdir. Onlardan üçü xatirə otağı kimi saxlanılıb və sənətkarın yaşadığı dövrün ab-havasını qoruyub saxlayır. Sərgi zalında isə sənətkarın yaradıcılıq yolunu əks etdirən materiallar nümayiş etdirilir.
Ekspozisiyada Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyətini əhatə edən zəngin sənədlər toplanıb. Əlyazmalar, qrammofon valları, nadir fotoşəkillər, konsert proqramları, notlar, müxtəlif dillərdə nəşr olunmuş kitablar, diplom və mükafatlar, həmçinin şəxsi əşyalar ziyarətçilərdə xüsusi maraq doğurur.
Bu məkana səfər edən hər bir ziyarətçi böyük sənətkarın həyat yolu ilə tanış olur, həmçinin XX əsr Azərbaycan musiqi mühitinin ruhunu yaxından hiss etmək imkanı qazanır.