Uqandalı mütəxəssis: WUF13 gələcəyin şəhərləri üçün vacib təşəbbüsdür VİDEO
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müxtəlif təcrübələrin, biliklərin və innovativ yanaşmaların bir araya gətirildiyi mühüm platformaya çevrilib. Burada təqdim olunan təcrübələr və ideyalar iştirakçılar üçün yeni imkanlar açır, şəhərlərin inkişafı istiqamətində ortaq baxışın formalaşmasına töhfə verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Uqandadan olan fiziki planlaşdırma üzrə mütəxəssis Ann Achom deyib.
O bildirib ki, WUF13-ün əsas üstünlüklərindən biri də müxtəlif ölkələrdə artıq sınaqdan keçirilmiş uğurlu təcrübələrin paylaşılmasıdır: “Bu isə bizə hər şeyi yenidən kəşf etmədən mövcud bilik və təcrübələrdən faydalanmaq imkanı yaradır. Əldə olunan yanaşmaları öz ölkələrimizə və icmalarımıza tətbiq etməklə onları daha da inkişaf etdirə, insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verə bilərik.
Bu baxımdan sessiya yalnız bu günün deyil, gələcəyin şəhərlərinin formalaşdırılmasına xidmət edən vacib təşəbbüsdür. Burada aparılan müzakirələr daha dayanıqlı, inklüziv və yaşana bilən şəhərlərin qurulmasına yönəlib. Bu proses tədricən həyata keçsə də, gələcəyə inamla addımlamaq üçün mühüm zəmin yaradır”.
“WUF13 iştirakçılara əvvəlki təcrübələri yenidən qiymətləndirmək, mövcud yanaşmaları təkmilləşdirmək və yeni ideyalar üzərində işləmək imkanı verir. Burada nümayiş etdirilən bilik və texnologiyaların yerli şəraitə uyğunlaşdırılması isə şəhərlərin inkişafı üçün yeni perspektivlər açır”, - deyə o əlavə edib.