Uşaq hüquqları üzrə pilləli tədris layihəsi regionlarda da həyata keçiriləcəkdir
Bakı, 19 may (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə Ombudsman təsisatı tərəfindən Bakı şəhərinin üç pilot məktəbində uşaq hüquqları üzrə pilləli tədris layihəsi uğurla həyata keçirilmişdir.
Bu təcrübə yüksək dəyərləndirilərək həmin təhsil ocaqlarında ilk uşaq hüquqlarının tədrisi mərkəzləri yaradılmışdır. İnteraktiv metodlarla həyata keçirilən tədris müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Ombudsman Aparatıdan AZƏRTAC-a bildirmişlər ki, cari ildə Bakı şəhəri üzrə hər rayonun bir məktəbində bu layihə davam etdirilmişdir.
Ombudsman Aparatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi uşaq hüquqları üzrə pilləli tədris layihəsi növbəti tədris ilindən respublikanın 8 rayonunda həyata keçiriləcəkdir. Bu layihənin icrası ilə bağlı artıq hazırlıq işlərinə başlanmışdır. Buna uyğun olaraq, Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə Biləsuvar şəhərindəki 4 nömrəli, Cəlilabad şəhərindəki akademik Zərifə ƏIiyeva adına 7 nömrəli orta məktəblərdə uşaq hüquqları üzrə pilləli tədris layihəsinin təqdimatını keçirmişdir. Layihə barədə geniş məlumat verilmiş, iştirakçıların sualları ətraflı cavablandırılmışdır.
Layihənin təqdimatı Quba və Şabran rayonlarında da davam etdirilmişdir.