Uşaqlar arasında qamət pozuntularına həsr olunan onlayn vebinar keçirilib
Bakı, 23 mart, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası “Uşaqlar arasında geniş yayılan sümük-oynaq sistem xəstəlikləri” mövzusunda kurs çərçivəsində “Uşaqlar arasında qamət pozuntularının profilaktik və reabilitasiya tədbirlərində kinezioloji yanaşmalar” mövzusunda onlayn vebinar keçirib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şimali Kipr Sağlamliq və Sosial Elmlər Universitetinin fiziki tərbiyə və idman fakültəsinin dekani, professor Şahin Əhmədovun təqdim etdiyi vebinarda 83 pediatr, istehsalat təcrübəsi keçən həkim və rezident iştirak edib.
Təqdimatda ümumi kineziologiya elmi barədə, bədənin qamətinin formalaşmasında orqan, əzələ və sümük-oynaq sistemlərinin əlaqəli olduğuna dair şəkil və məlumatlara genış yer verilib.